Xəbərlər

Bakutel - Nazirliyin dəstəyi ilə nəşr olunan beynəlxalq jurnalın xüsusi buraxılışı Lütfi Zadənin 100 illiyinə həsr olunub

Nazirliyin dəstəyi ilə nəşr olunan beynəlxalq jurnalın xüsusi buraxılışı Lütfi Zadənin 100 illiyinə həsr olunub

05.03.2021

Xəbərlər

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli müvafiq Sərəncam imzalayıb.

Lütfi Zadənin 100 illiyi ilə əlaqədar “Applied and Computational Mathematics” beynəlxalq jurnalının “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılışı dərc olunub.

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir. Jurnalın baş redaktorları Azərbaycandan akademiklər Fikrət Əliyev, Əli Abbasov və Ukraynadan professor Vladimir Larindir.

Xüsusi buraxılışda çap olunan məqalələr Lütfi Zadə nəzəriyyəsinin “COVID-19”-a tətbiqi ilə bağlıdir. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun (COVID-19) yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Jurnalda Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran və digər ölkələrdən olan riyaziyyat, informatika, bioinformatika, tibbi informatika üzrə tanınmış alimlərin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Qeyd edək ki, jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.