23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı


5 - 8 dekabr 2017 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

“NETTY” – Milli İnternet Mükafatı sahiblərinə təqdim olundu

“NETTY” – Milli İnternet Mükafatı sahiblərinə təqdim olundu
10.06.2017

Xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “NETTY” – Azərbaycan Milli İnternet Mükafatı 13-cü dəfə qaliblərinə təqdim olunub. 

Oxu.Az xəbər verir ki, “Park İnn” otelinin “Dan Ulduzu” zalında baş tutan təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, artıq 10 ildən artıq bir müddətdir ki, “NETTY” Milli İnternet Mükafatı uğurla keçirilir. 

Eyni zamanda, bildirilib ki, bu İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  ilk milli peşəkar mükafatdır. 

“NETTY” mükafatının Azərbaycanda ən yaxşı veb-layihələri, informasiya texnologiyaları sahəsində  mütərəqqi xidmətləri olan insanları üzə çıxardığı qeyd edilib. Builki nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsi həyata keçirilib.

Daha sonra,  Ekspert Şurası (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, “NETTY” Akademiyası öz səsverməsinə başlayır. 

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. 

“www.netty.az” saytının hər bir ziyarətçisi “Facebook” və ya “Twitter”də öz sosial profilinin məlumatlarından istifadə edərək, Virtual Münsiflər Heyətinin üzvü ola və müsabiqə nominantlarının seçimində iştirak edə bilər. Ekspert Şurası müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır.  “NETTY” Akademiyasında isə Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslər təmsil olunur.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar (“Azərbaycan”, “Dövlət saytı”,  “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”,  “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”) üzrə Azərbaycanda ən yaxşı saytlar seçilir. 

Qeyd edək ki, cari ildə “Əyləncə” nominasiyası ləğv edilib, eyni zamanda, sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya (“Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”) əlavə olunub.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə də mükafatlar verilir. “İlin İT hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində həmçinin “İlin İT şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən edilir.

“NETTY” çərçivəsində bu il ilk dəfə “İlin İT meneceri” nominasiyası müəyyən edilib. Bu nominasiyada  ölkənin İT departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən edilir.

Beləliklə, cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adları təqdim edirik:

•    Azərbaycan nominasiyasında – www.fontlar.info saytı

•    Dövlət saytı nominasiyasında – Müdafiə Nazirliyinin saytı 

•    “Elm və təhsil” nominasiyasında  –  “Prospect Academy” Təlim Mərkəzi

•    “Mədəniyyət və incəsənət” nominasiyasında – Qobustan Milli Tarix-Bədii Qoruğunun saytı

•    “Cəmiyyət” nominasiyasında – “Green Baku” ekoloji təşkilatın saytı

•    “İnformasiya və xəbərlər” nominasiyasında – “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin saytı 

•    “Servis sayt” nominasiyasında – www.lalafo.com

•    “Korporativ sayt” nominasiyasında – “Atəşgah Sığorta”nın saytı

•    “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” nominasiyasında – www.zoomagazin.az

•    “İdman” nominasiyasında – IV İslam Həmrəyliyi Oyunlarının saytı

•    “Şəxsi sayt” nominasiyasında – DJ Kamran Qaralovun saytı

•    “Sosial şəbəkə seçimi” nominasiyasında – Repetitorların Axtarışı Üçün Portal  

•    “Facebook” sosial şəbəkəsində ən yaxşı səhifə nominasiyasında - https://www.facebook.com/bodycare.online.shop/

•    “İlin proqramı” nominasiyasında – “Baku Airport” mobil proqramı

•    “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi”  nominasiyasında – ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri Rahid Ələkbərli 

•    “İlin İT hadisəsi” nominasiyasında – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  təşəbbüsü ilə “Baktelekom” tərəfindən reallaşdırılan  “İctimai İnternet” layihəsi

Qeyd edək ki, mükafatın baş partnyoru “Azercell” şirkəti, digər partnyorları isə “Bakutel” sərgisi, “SmartHost.az” və “Renley.az” şirkətləri, “Kassir.az” layihəsidir. Tədbirə informasiya dəstəyini “Infocity.az”, “CBC.az” telekanalı, “1news.az”, “Oxu.Az”, “Disput.az” və “Salamnews.org” saytları göstərir.

 


Xəbərlər

Bütün xəbərlər